^
U

"Mən də, cənab Prezident də hər zaman yanınızdayıq" - Mehriban Əliyeva


Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxıb.

Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.

Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.

Məktəbin kollektivi ilə görüşən Birinci vitse-prezident Mehriban Əliyeva burda olmaqdan çox şad olduğunu deyib: "Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.

Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.

Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.

Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Siz bilirsiniz ki, Bakı şəhərinin, Bakıətrafı qəsəbələrin, regionların inkişafı proqramları artıq 15 ildən çoxdur həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun. Bunun da əsas məqsədi odur ki, insanların yaşayış səviyyəsi qalxsın. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.

Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi, təbriklərimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun".

Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirdilər.

Birinci vitse-prezident hər zaman insanlarla ünsiyyətdə olmağa və onların problemlərini eşitməyə çalışdığını deyib: "Bilirsiniz, mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz".

Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 474 Tarix: 13-09-2019, 23:00
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az