Суббота
сен 30

Binəqədi şossesində yağıntılardan sonra yaranan problemlər nə vaxt bitəcək? RƏSMİ CAVAB

Binəqədi şossesində yağıntılardan sonra yaranan problemlər nə vaxt bitəcək? RƏSMİ CAVAB


“Azəravtoyol” Binəqədi şossesində aparılan təmir işləri ilə bağlı ASC-yə ünvanlanan tənqidlərə cavab verib.

BAKU.WS-in məlumatına görə, ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, qurumun ünvanına deyilənlərin heç biri həqiqəti əks etdirmir:

“Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi xəbər saytlarında Binəqədi şossesində guya təmir işlərinin keyfiyyətsiz aparıldığı və ya ümumiyyətlə aparılmadığı, yolun təmirinə ayrılan pulun mənimsənildiyi (halbuki ayrılmayıb), aidiyyəti qurumların vətəndaşları aldatdığı və onların bu problem üçün heç bir iş görmədiyinə görə yağışlardan sonra həmin yolda problemin yaranması kimi məlumatlar yayılır. Bildirmək istəyirik ki, deyilənlər heç biri həqiqəti əks etdirmir.

Həmin yol boyu yağış sularının kənarlaşdırılması üçün yeni yağış kollektorunun inşası ilə bağlı “Azəravtoyol” və “Azərsu” ASC-lər tərəfindən işlər aparılıb, aidiyyəti qurumlar tərəfindən yeni su və qaz xətləri çəkilib, rabitə və enerji xətləri yoldan kənarlaşdırılıb. Hazırda həmin yağış kollektoruna səth sularının ötürülməsi üçün yol kənarında yağış-kanalizasiya quyularının inşası və kollektora qoşulması işləri aparılır. Yəni o yolda səth sularının kənarlaşdırılması üçün sistem ümumiyyətlə olmayıb və yeni yaradılan sistemin qurulması üçün işlər yekunlaşmayıb. Bu işlər yaxın günlərdə yekunlaşdırılacaq”.

A.Nəcəfli bildirib ki, qeyd edilən işlər yekunlaşdırılmadan yolun təmirindən söhbət gedə bilməz:

“Yalnız bundan sonra o yol əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə veriləcək və beləliklə də Binəqədi şossesində intensiv yağıntılar nəticəsində yaranan problemlərin tam olaraq aradan qalxacağı gözlənilir. “Azəravtoyol” ASC və “Azərsu” ASC, Binəqədi İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar Binəqədi şossesində yaranan problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışırlar. Yaxın müddətdə bu işin nəticəsini əyani olaraq görmək mümkün olacaq”.

Комментарии (0)

Оставить комментарий