Суббота
окт 08

Azərbaycana valyuta qazandıracaq məhsullar

Azərbaycana valyuta qazandıracaq məhsullar


Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə ən çox valyuta xərclənən istiqamətlərdə yerli istehsalı artırmağın və ixracı da təmin etməyin vacibliyini vurğuladı.

Fins.az xəbər verir ki, şəkər istehsalını yerli xammalın hesabına təmin etməyin lazımlığını bildirən dövlət başçısı şəkər çuğundurunun əkilməsinin xüsusi əhəmiyyət daşıdığını, əks halda xammal idxalı üçün 100 milyonlarla dolları xaricə apardığını qeyd etdi.

Dövlət başçısı bununla istehsalını yerli xammal hesabına qurmaq mümkün olduğu halda, xarici xammalla quran iş adamlarına xəbərdarlığını bildirdi.
Yerli istehsal olduğu düşünülən, əslində isə yalnız emal və paketləmə məhsulu olan məhsulların marketlərdə qiymətlərinin artması camaatı çaşdırır, "yerli məhsuldur, qiyməti niyə artıb” haqlı sualı yaradır?

Bu sual təkcə şəkərə deyil, ölkədə istehsal olunduğu düşünülən, lakin illərlə paketləmə məhsulu olan çaya da, düyüyə də, bitki yağlarına da, bir sıra digər məhsullara da aiddir.

ƏT VƏ SÜD MƏHSULLARINI İDXALDAN ASILI EDƏN YEM
Ölkəmiz quş əti ilə özünü tam təmin edir, mal əti və süd məhsullarına olan tələbatının yarıdan çoxu yerli istehsal hesabına ödənilir. Amma quşçuluğun və heyvandarlğın yemə olan təlabatının xeyli hissəsi hələ də idxal hesabına təmin edilir. Yəni, ölkə ərazisində bəslənən heyvanların da yemi bizi xarici valyutadan asılı edir. Dövlət gömrük komitəsinin məlumatına görə, hər il ölkəyə 90 milyon dollardan artıq qiymətdə ət və süd məhsulları idxal olunur. Komitənin digər məlumatına görə isə hər il ölkəyə təxminən 90 min ton soya, 150 min ton qarğıdalı idxal olunur. Bu da 100 milyon dollara yaxın valyuta deməkdir.

ƏN QİYMƏTLİ SƏNAYE BİTKİSİ
Soya əkinlərinin artırılması Azərbaycana bir sıra mal qrupları üzrə idxalın aşağı düşməsinə səbəb ola bilər.
Soya bitkisi, dənin orta hesabla 18-24%-i yağ, 40%-i zülal, 30%-i karbohidrat, 5%-i mineral maddə və çoxlu sayda vitamin və protein ilə zəngin bitki kimi tanınır. Dünyada istehsal olunan bitki yağlarının 50%-i soyanın payına düşür. Soya, insan qidası olmaqla bərabər, heyvan yemi kimi də istifadə edilir. Soya yemi, tərkibində yüksək miqdardakı zülallar səbəbindən ev heyvanları üçün çox faydalıdır. Dünya yem istehlakının 70%-i soyanın payına düşür. Soya dəninin ununu heyvanların rasionuna qatıb versək kütləsi 30%, südvermə qabiliyyəti 25%, quşların yeminə 10 qram qatılılarsa kütləsi 39% artır, yumurtası 20%-ə qədər çoxalır. Kənd təsərrüfatı baxımından da faydaları olan soya, atmosferdəki azotu torpağa ötürərək özündən sonra əkiləcək bitkilərin məhsuldarlığını artırır. Bu xüsusiyyətləri ilə bərabər, soya, sənayedə də ən çox istifadə edilən bitkilər arasındadır. Soya; Un, süd, qatıq və pendir istehsalı ilə yanaşı, boya, brezent, yapışqan kimi bir çox sənaye məhsulunun istehsalında istifadə edilir. Soya bitkisi, həmçinin bioloji yanacaq istehsalında da istifadə edilir. Bu gün soyadan əldə edilən sənaye məhsullarının sayı 400-ə çıxmışdır. Hər cəhətdən faydalı bir bitki olan soya, dünyanın ən qiymətli sənaye bitkiləri arasında yerini almışdır.

HƏM DƏ VALYUTA GƏTİRƏN İXRAC MƏHSULU

Əgər ölkəmizdə soya əkinləri genişləndirilsə, quşçuluğun soya və qarğıdalı yeminə ola təlabatı daxili istehsal hesabına ödənilsə, soya yağı istehsalı artırılsa ən azı 100 milyon dollara qənaət etmək olar. Bu vəsait xarici istehsalçılara ödənilməyəcək, öz istehsalçılarımızın, fermerlərin cibində qalacaqdır.
Soyanın ixracından da gəlir əldə edə bilərik. Yağına və yeminə böyük təlabat olduğundan soyaya bazar tapmaqda çətinlik yoxdur. Bir sıra qonşu ölkələr soya yemi və yağının idxalına yüz milyonlarla dollar vəsait xərcləyirlər.

Məsələn, qonşu ölkələrdən Türkiyədə soya az əkilir, ölkə hər il soya idxalına yarım milyard dollar sərf edir. Türkiyədə yanacaq və mazutun baha olması və soyaya verilən kənd təsərrüfatı dəstəyinin az olması səbəbindən soya əkin sahələri artmır. Azərbaycan isə neft məhsulları istehsalçısı olduğundan bir sıra qonşularından üstünlüyə malikdir.

Bu gün ABŞ, Braziliya, Argentina soya idxal edən ölkələrə bu məhsulun tonunu 950-1000 dollara satırlar. Soya yeminin tonu 300 dollardan, yağı isə 720 dollardan bahadır.

Qeyd edək ki, soya qiymətləri artmaqdadır. Ötən il soyanın tonu 700-800 dollar arasında dəyişirdi. Qiymətlərin artması quşçuluğa mənfi təsir göstərir və yem xərcləri artdığından toyuq ətinin də qiymətləri arta bilər.

AZƏRBAYCANDA SOYA TƏCRÜBƏSİ
Səba şirkətlər qrupuna daxil olan Qarabağ Taxıl MMC bu il Azərbaycanda ilk dəfə olaraq geniş ərazidə - 1600 ha sahədə soya becərdi. Əvvəlki illərdə 1, 50, 500 hektar sahələrdə sınaq aparan əkinçilik profilli şirkət dünyada mövcud yüksək məhsuldarlığa nail oldu. Hazırda biçini davam edən sahə 6 ton ətrafında soya məhsulu verib. Ağcabədi və Beyləqan zonasında bu nəticəni əldə edən şirkət bu ərazilərin soya üçün çox münbitliyini və növbəli əkinlə daha geniş sahələrdə becərməyə hazır olduğunu bildirib.

45 MİN HEKTAR SAHƏ KİFAYƏTDİR
Ölkə ərazisindəki torpaqların məhsuldarlıq göstəricilərinə diqqət yetirdikdə, yem tədarükündə xarici valyutadan asılılığın aradan aldırılmasının o qədər də çətin bir iş olmadığı görünür. Bu gün Azərbaycanda dünyada mövcud standartlara uyğun olaraq, suvarılan torpaqlarda 1 hektardan 12 ton qarğıdalı hasil edilir. Dəmyə əkinçiliyi ilə Qarabağ Taxıl-ın təcrübəsi hər hektar torpaqdan 3 ton soya əldə etməyin mümkün olduğunu göstərir. Ölkənin iqlim və torpaq şəraiti qarğıdalı və soyaya ölkənin tələbatını tam təmin etməyə imkan verdiyi halda, hər il xaricə milyonlarla dollar ötürməyə nə lüzum var? Ölkənin yemlik qarğıdalıya tələbatını ödəmək üçün hazırda becərilən torpaqlardan əlavə, təxminən 15 min ha yaxın torpaq sahəsi kifayətdir. Ümumilikdə, 45 min hektaradək sahəni də əkinə cəlb edib, yüksək məhsuldarlıqla, ölkənin qarğıdalı və soyaya olan ehtiyacını 100% qarşılamaq olar.

İllərlə boş qalmış və gücünü itirmiş əkinə yararlı sahələr xeyli çoxdur. Dövlətin istifadəsiz qalmış torpaqları dövriyyəyə qatmaq istəyi var. Torpağı münbitləşdirə bilən bu strateji bitkinin də bu dövriyyədə öz əhəmiyyətli yerini tutacağına əminik.

Комментарии (0)

Оставить комментарий