Воскресенье
май 24

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur


Bu gün Azərbaycanda müqəddəs Ramazan bayramıdır.

MAY.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə aprelin 25-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə mayın 24-nə təsadüf edir.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ilində vacib edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.

İslamda ilin ayları arasında Ramazan ayı ən şərafətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-kərim nazil olub. Həmin gecə "Qədr" gecəsi adlanır.

Xatırladaq ki, İranın Ali dini liderinin dəftərxanası da ayın göründüyünü elan edib.

Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

Комментарии (0)

Оставить комментарий