Четверг
май 07

Prezident: "Koronavirusla mübarizədə birinci mərhələdə qalib gələ bilmişik"

Prezident: "Koronavirusla mübarizədə birinci mərhələdə qalib gələ bilmişik"


"Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.

Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.

Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıbdır. Onların sayı 23-ə çatıb və yeni laboratoriyaların yaradılması gündəlikdə duran məsələdir".

Комментарии (0)

Оставить комментарий